Chemistry News

Qırılmayan şüşə necə kəşf edilmişdir?!

Qırılmayan şüşə 1903-cü ildə fransız kimyaçı Eduard Benedikt tərəfindən təsadüf nəticəsində tapılmışdır. Benedikt laboratoriyada təcrübə apararkən təsadüfən əlindəki kolba (sınaq şüşəsi) masaya dəyərək yerə düşür. Daş səth üzərinə düşən kolba parça-parça olmuşdu, lakin parçalar bir-birindən ayrılmamışdı. Bu hadisə Benediktə olduqca təəccüblü gəlmişdi. Kolbanı yaxından incələdiyi zaman şüşənin divarlarının plastik nitrosellüloza ilə örtüldüyünü, elə bu səbəbdən də hissələrə ayrılmadığı qənaətinə gəldi. Bu təsadüfi hadisə sonralar milyonlarla həyatın xilas edilməsinə səbəb olan qırılmayan şüşənin yaranmasının başlanğıcı oldu. Ancaq, 1909-cu ilə qədər Benedikt bununla bağlı heç bir patent müraciəti etmədi. Gündəlik qəzetlərin birində növbəti avtomobil qəzası və qəza zamanı avtomobildə olanlardan birinin qırılıb dağılan şüşə parçalarından ciddi şəkildə yaralanması hadisəsini oxuyan Benedikt avtomobillər üçün qırılmayan şüşə hazırlamaq qərarına gəlir. 1911-cu ildə, avtomobil qəzalarındakı yaralanmaları azaltmaq üçün şüşə-plastik kompoziti istehsal edən “Société du Verre Triplex”i yaratdı. Tripleks şüşə istehsalı ləng və çox zəhmət tələb edirdi, bu da onun bahalı olmasına səbəb olurdu. Bu şüşə avtomobillər üçün nəzərdə tutulsa da ilk illərdə avtomobil istehsalçıları tərəfindən dərhal qəbul edilmədi və başqa məqsədlər üçün istifadə edildi. Belə ki, ilk tripleks şüşə I Dünya Müharibəsi illərində əleyhqazların (qaz maskaları) göz mərcəklərinin istehsalında istifadə edilmişdir. 1912-ci ildə tripleks şüşənin istehsalı üçün “The English Triplex Safety Glass” şirkətinə lisenziya verildi. Daha sonra 1919-cu ildə Henri Ford öz avtomobillərində qırılmayan tripleks şüşələri istifadə etməyə başlamışdır. Eduard Benediktin təsadüfi ixtirası milyonlarla insanın həyatını xilas etməklə yanaşı təhlükəsizlik şüşəsinin gələcəkdə modernləşdirilməsinə də zəmin yaratmışdır.

28560login-checkQırılmayan şüşə necə kəşf edilmişdir?!
wpChatIcon