Chemistry News

Forbol

Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Forbol”.

Empirik formulu: C20H28O6

Fiziki xassələri: Molyar kütləsi  364,4 q·mol-1-dir. Ağ rəngli bərk maddədir. Su daxil olmaqla polyar həlledicilərdə yaxşı həll olur.

Forbol bitki mənşəli üzvi birləşmədir. Diterpenlərin tiqlian ailəsinin bir üzvüdür. Forbolun müxtəlif efirləri əhəmiyyətli bioloji xüsusiyyətlərə malikdir. Bunlardan ən diqqət çəkəni protein kinaz C-nin aktivləşmə yolu ilə şiş təmsilçisi kimi hərəkət etmə qabiliyyətidir. Ən çox yayılmış və təsirli  forbol efiri 12-O-tetradekanoilforbol-13-asetatdır (TPA), buna  forbol-12-miristat-13-asetat (PMA) da deyilir və kanserogenez modelləri kimi kontekstlərdə biotibbi araşdırma vasitəsi olaraq istifadə olunur. Forbol uzun müddətli hava, işıq və ətraf mühit temperaturunun təsirinə davamlı deyil.

Tarixi. Forbol uzun müddət əvvəl məlum olan struktur cəhətdən mürəkkəb təbii bir maddədir. 1934-cü ildə isveçrəli kimyaçılar Bonifaz Flaschentrager və Rudolf von Volffersdorff onu şiş təşviqedici maddə olan hidrolizə uğramış kroton yağından izolə etdilər. Almaniyada E. Hecker və İngiltərədə George Fergusonun rəhbərlik etdiyi araşdırma qrupları 1967-ci ildə quruluşunu təqdim etdilər.

Merck İndeksinə görə “forbol tsiklopropa-benzazulenə əsaslanan tərkibli bir skeletə malikdir”. Həm də göz qorxudan səkkiz stereogenik mərkəzə malikdir. Üç tədqiqat qrupu forbolun ümumi sintezini nəşr etdi, lakin ilk ikisi rasemik birləşmə (bir maddənin bərabər nisbətdə sağa və ya sola çevrilmiş formalarından ibarət)  istehsal etmişdi. 2016-cı ildə Phil S. Baran və Scripps Araşdırma İnstitutundakı (La Jolla, CA) və LEO Farmadakı (Ballerup, Danimarka) həmkarları əvvəlki çalışmalarda tələb olunan sayın yarısından az, 19 mərhələdə enantioselektiv olaraq forbol hazırlamağın yolunu tapdılar.

Phil S. Baran qrupunun çalışmaları daha səmərəli sintezlər, potensial dərman inkişafı üçün kifayət qədər miqdarda forbol və onun efirlərini təmin etməyə yararlıdır.

Tətbiqi. Forbol törəmələrindən faydalı immunoterapiya, antiviral və xərçəng əleyhinə dərmanlar əldə edilir. TPA ən çox laboratoriyada hüceyrə reaksiyasını stimullaşdırmaq üçün istifadə olunur. Məsələn, TPA ağrıya cavabı ölçmək və iltihab reaksiyasını azalda bilən birləşmələri test etmək üçün istifadə edilə bilər. TPA və digər forbol efirləri şiş əmələ gəlməsinə təkan vermək və onun mexanizmini aydınlaşdırmaq üçün istifadə edilir. Tiqilanol tiqlat kimi bəzi forbol efirləri xərçəng əleyhinə fəaliyyət göstərmişdir və potensial olaraq müəyyən virus və bakteriyalara qarşı müdafiə kimi istifadə edilə bilər. TPA, ionomisinlə birlikdə, T-hüceyrələrinin aktivləşdirilməsini, yayılmasını və sitokin istehsalını stimullaşdırmaq üçün də istifadə edilə bilər. Kroton yağı şəklində olan Forbol həm də xalq təbabətində təmizləyici, qıcıqlanmaya qarşı və ya antelmintik kimi istifadə olunur.

 

Ədəbiyyat:

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Phorbol
  2. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/p/phorbol.html
  3. https://doi.org/10.1038/nature17153
  4. https://en.wikipedia.org/wiki/Phorbol
  5. https://www.researchgate.net/figure/Phorbol-esters-potent-tumor-promoters-A-Drawing-of-the-plant-Croton-tiglium-whose_fig4_323620847
64680login-checkForbol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon