Chemistry News

Allopurinol

Molecule of the Week” layihəsi çərçivəsində İntiqam Məmmədov tərəfindən yazılan məqalə: “Allopurinol”.

Allopurinol C5H4N4O kimyəvi formuluna malik üzvi birləşmədir. IUPAC adlandırılması: 2H-Pirazol[3,4-d]pirimidin-4-ol kimidir.

Kəşfi: İlk dəfə “New Mexico Highlands” Universitetində (Las Vegas) Roland K. Robins və CIBA-da (Bazel, İsveçrə)  P. Schmidt və J. Druey 1956-cı ildə allopurinolun sintezini ayrı-ayrılıqda açıqladılar. O dövrdə purin törəmələrinin bəzi bioloji proseslərin antaqonistləri kimi fəaliyyət göstərdiyi məlum idi. Robins, purinin izomeri olan pirazol [3,4-d] pirimidinin törəmələrinin də bioloji cəhətdən aktiv ola biləcəyinə inanırdı. O, allopurinol da daxil olmaqla 15 birləşməni sintez etdi. Schmidt və Druey, həmçinin CIBA (Bazel kimya sənayesi) üçün yeni dərman preparatları axtararaq allopurinol və digər pirazol [3,4-d] pirimidinlər də hazırladılar. Allopurinol nisbətən zəhərli olmadığı və anabolik proseslərə müdaxilə etmədiyi üçün ksantin oksidaz inhibisiyasının tədqiqatları üçün seçilmişdir.  Sonrakı illərdə çoxsaylı tədqiqatçılar allopurinolun dərman xüsusiyyətlərini müəyyən etdilər. 1966-cı ildə Qida və Dərman Administrasiyası (The Food and Drug Administration) tərəfindən onun istifadəsinə icazə verildi.

Fiziki xassələri: Saf allopurinol ağ rəngli toz halındadır. Qoxusuz, ərimə nöqtəsi  320 ℃-dən çox, qələvi qarışığında yaxşı, suda və etanolda az həll olur, xloroform və efirdə isə həll olmur. Metalik və ya acı dadlıdır.

Molyar kütləsi – 136.11 g/mol; Formulu – C5H4N4O; Görünüş – Ağ rəngli kristallar və ya toz; Ərimə nöqtəsi – >350 °C; Suda həllolma – 0.35 g/L (25 ºC); Qaynama nöqtəsi – >250.36°C; Sıxlıq – 1.7±0.1 g/cm3.

Kimyəvi xassələri: Allopurinol, hidroksi ilə əvəz edilmiş pirimidin halqasına birləşmiş pirazol halqasından ibarət olan bitsiklik bir quruluşdur. Allopurinol hipoksantinin quruluş izomeridir. Allopurinol ksantin oksidaz fermentini inhibə edərək oksi purinlərin sidik turşusuna çevrilməsinin qarşısını alır. Allopurinol ksantin oksidaz inhibitorudur və “gut” xəstəliyinin (oynaqlarda şişlik, qızartı, şiddətli ağrı ilə müşayiət edilən oynaq iltihabıdır) müalicəsi üçün geniş istifadə olunan bir dərman vasitəsidir.

Allopurinol, yüksək həssaslıq reaksiya xüsusiyyətlərinə malik, ciddi ve hətta ölümcül ola bilən kəskin qaraciyər zədələnməsinin nadir, ancaq çox bilinən səbəblərindən biridir.

Tətbiq sahəsi: Allopurinol bir dərman vasitəsi kimi “gut” xəstəliyinin müalicəsində istifadə olunur

Gut, bədəndəki artıq miqdarda sidik turşusundan qaynaqlanır, bu da toxumalarda  və yumşaq toxumalarda normadan artıq sidik turşusu kristallarının toplanmasına yol açır.

Allopurinol hüceyrələr tərəfindən istehsal olunan sidik turşusunun miqdarının azalmasına səbəb olur. Bu, sidik turşusu kristallarının yığılmasını zəiflədir və bu səbəbdən oynaqların şişməsinin və ağrılı olmasının qarşısını alır.

Gutun müalicəsinə əlavə olaraq allopurinol bəzi növ böyrək daşlarının müalicəsində istifadə olunur. Bundan əlavə, xərçəng xəstəliyi kimyaterapiyası alan xəstələrdə ölməkdə olan xərçəng hüceyrələrindən ifraz olunan yüksək sidik turşusu səviyyəsinin qarşısını almaq üçün istifadə olunur. Bu dərman, mədə-bağırsaq sistemində təxminən 90%  həcmində sovrulur.

 

Ədəbiyyat:

  1. The Purine path to Chemotherapy Nobel Lecture, December 8, 1988 by Gertrude B. Elion Wellcome Research Laboratories, Burroughs Wellcome Co., Research Triangle Park, U.S.A.
  2. Australian Rheumatology Association, Patient Information on Allopurinol
  3. Pubchem, Allopurinol
  4. Gertrude B. Elion,  Allopurinol and Other Inhibitors of Urate Synthesis
  5. Ellenhorn, M.J. and D.G. Barceloux. Medical Toxicology – Diagnosis and Treatment of Human Poisoning. New York, NY: Elsevier Science Publishing Co., Inc. 1988., p. 31
53230login-checkAllopurinol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon