Chemistry News

Cinayət hadisəsində kimya

Cinayət hadisəsindən sonra hadisə yerində qalan barmaq izləri cinayətkarın tapılması və şübhələrin aradan qalxması üçün istifadə olunan vasitələrdən biridir. Lakin, barmaq izləri hər zaman görünən olmurlar. Belə ki, təhqiqatçılar onları görüntüləmək üçün tez-tez kimyəvi metodlara etibar edirlər. Barmaq izlərinin aşkar edilməsi üçün çoxlu sayda metodlar istifadə edilə bilər. Biz burada ən çox yayılmış dörd metod üzərində dayanacağıq.

Barmaq izinin növləri:

Xüsusi metodları müzakirə etməzdən əvvəl cinayət hadisələrində tapılan barmaq izlərinin necə təsnif edildiyini aydınlaşdırmaq lazımdır. Barmaq izləri üç cür təsnif edilir: Açıq izlər (patent prints), plastik izlər (plastic prints) və gizli izlər (latent prints).

Açıq izlər çılpaq gözlə görülən izlərdir. Bunlar qanda, mürəkkəbdə və ya palçıqda qalan izlər ola bilər. Plastik izlər də bir qədər bunlara bənzərdir. Belə ki, bunları da həmçinin çılpaq gözlə görmək mümkündür. Plastik izlər gil və mum kimi elastik maddələrdə qalan izlərdir. Başqa heç bir iş tələb olunmadan açıq və plastik izlərin hər ikisi fotoqraf vasitəsi ilə qeyd oluna bilər (bəzən onların görünürlüyünü artırmaq üçün bir sıra metodlar istifadə edilir).

Gizli izlər isə bir çox problemlər yaradır. Bunlar təbii yağ və dəridən ifraz olunan tər səbəbi ilə səthdə qalan izlərdir. Səthdə qalmaqlarına baxmayaraq onları görünən hala gətirmək üçün nəsə edilənədək onlar görünməzdirlər. Burada bizim bəhs etdiyimiz dörd kimyəvi metod dövrəyə girir.

Barmaq izi tozları:

“İzlər üçün toz səpmə” çox məşhur metod olub 1891-ci ildən bu günə qədər istifadə edilir. Bu metod hazırlanmış narın hissəciklərdən ibarət tozların fırça istifadə edərək səth üzərinə səpilməsini əhatə edir. Hissəciklər gizli izlərdə nəm və yağa yapışaraq onları görünən hala gətirir.

İzlər görünən hala gətirildikdən sonra isə fotoaparat vasitəsi ilə şəkili çəkilə və ya şəffaf band istifadə edərək forması götürülə bilər.

Barmaq izi tozlarının tərkibi müxtəlifdir, xüsusilə onlar səthlərindən asılı olaraq istifadə olunur. Adətən, barmaq izi tozları piqment və bağlayıcı maddədən ibarət olur. Piqment kontrastı təmin etməyə, bağlayıcı maddə isə tozun izə yapışmasına kömək edir. Ən çox istifadə olunan piqmentlərə kolloid karbon hissəcikləri, alüminium, sink və mis daxil olmaqla bəzi metalların kiçik hissəciklərini misal göstərmək olar. Əsas bağlayıcı maddələr isə ərəb saqqızı, dəmir tozu, kanifol və likopodiumdur.

Daha çox standart qara tozların istifadə olunmasına baxmayaraq, işıq şüaları altında parıldayan flüoressent tozlar da istifadə oluna bilər.

Bu üsulun bir sıra problemləri vardır. Daha öncə qeyd etdiyimiz kimi barmaq izi tozunun səpilməsində adətən yumşaq fırça tətbiq olunur. Nə qədər ehtiyat edilsə belə, bəzən barmaq izlərinin zərər görməsi ilə nəticələnə bilir. Digər bir problem isə fırçadan istifadə DNT`nin potensial köçürülməsini yaradır və beləliklə hadisə istintaqçıları tez-tez başqa metodlardan istifadəyə müraciət edirlər.

Sianoakrilat tüstüləmə:

Gizli barmaq izlərinin görünən hala gətirilməsi üçün istifadə olunan başqa bir metod təsadüf nəticəsində kəşf olunmuşdur. 1982-ci ildə Yapon alimləri super yapışqanlarda istifadə edilən molekulların bir növü olan sianoakrilatlar üzərində işlədikləri zaman havasorucu şkafların birində barmaq izi olduğunu görmüşlər. Onlar sianoakrilat tüstüsü istifadə edərək barmaq izlərinin daha aydın şəkildə görünməsinə nail olmuşlar. Buradan görünmüşdür ki, sianoakrilatlar barmaq izi qalığı ilə təmasda olduğu zaman polimerləşir və qabarıqların xəttini izləyir.

Bu metod xüsusilə kobud və məsaməsiz səthlər üçün istifadə olunur. İz üzərində sianoakrilatın kondensləşməsi sürətli şəkildə baş verir. Barmaq izlərinin aşkar edilməsində istifadə edilən bu üsul öz səmərəliliyini hər zaman qoruyub saxlamaqdadır.

Kimyəvi təkmilləşdiricilər:

Gizli barmaq izlərini görüntüləmək üçün çoxlu sayda kimyəvi təkmilləşdiricilər istifadə olunur. Bunların bəziləri izin xüsusi rəng almasına, digərləri isə işığın xüsusi rəngləri altında flüoressensiyaya səbəb olur. Bu günə qədər ən çox istifadə olunan kimyəvi təkmilləşdirici ninhidrin`dir. Ninhidrin 1910-cu ildə Ziqfred Ruman tərəfindən kəşf olunmuşdur. O, ninhidrinin dəri və ya dəri ifrazı ilə təmasda olduğu zaman bənövşəyi rəngə çevrildiyini müşahidə etmişdir. Bənövşəyi rəngə səbəb olan bu birləşmə indi onun adına; Ruman bənövşəyisi adlanır. Gizli barmaq izlərinin inkişaf etdirilməsində yüksək potensialı olmasına baxmayaraq, 1954-cü ilə qədər bu sahədə düzgün tətbiq edilməmişdir.

Barmaq izinin bir hissəsi kimi götürülən tərin tərkibində amin turşuları vardır (hər barmaq izində təqribən 250 nanoqram). Onlar olduğu yerdə uzun müddət qaldıqları üçün əgər görüntülənərsə, insanın barmaq izinin də görünməsinə imkan verər. Belə ki, ninhidrin səthə püskürtüldüyü zaman amin turşuları ilə reaksiyaya girərək Ruman bənövşəyisinin aydın bənövşəyi rəngli ammonium duzunu əmələ gətirir. Bu çevrilmənin baş verməsi üçün su tələb olunur, buna görə də reaksiya yüksək nəm mühitdə həyata keçirilməlidir. Bundan əlavə, Ruman bənövşəyisi işıq və oksigenin iştirakında parçalandığı üçün görüntülənmiş izlər bunlardan qorunmalı və ya fotoaparat vasitəsi ilə şəkili çəkilməlidir.

 

Barmaq izlərində amin turşuları ilə reaksiyaya girən birləşmə tək ninhidrin deyildir. Digər bir birləşmə 1,8-Diazafluoren-9-on`dur (DFO). Bu maddə barmaq izindəki amin turşuları ilə reaksiyaya girərək Ruman bənövşəyisinə oxşar çəhrayı-qırmızı rəngli birləşmə əmələ gətirir. Əmələ gələn birləşmə mavi-yaşıl işıq şüaları altında parıldayır. Barmaq izlərinin təyin edilməsində istifadə olunan digər birləşmə 1,2-indandion`dur.

Vakuum Metal Depoziti (VMD): Vakuum metal depoziti şüşəyə metal örtük tətbiq edərək güzgü əmələ gətirmək üçün istifadə edilən bir metoddur. Bununla belə, bu metod da barmaq izlərinin təkmilləşdirilməsi üçün istifadə oluna bilər. VMD metodu metal atomlarının nazik təbəqələrinin vakuum altında səthə əlavə edilməsini əhatə edir. Bu metod ilk dəfə sink, stibium və mis tozlarının qarışığı istifadə edilərək yoxlanılmışdır.

Sonrakı təcrübələr göstərmişdir ki, tək metal ilə barmaq izlərinin təkmilləşdirilməsi metalların kombinasiyası ilə təkmilləşdirmədən daha effektiv nəticə verir. Bir qayda olaraq iki metalın kombinasiyası istifadə olunmuşdur. İlk dəfə qızıl və gümüş, sonra isə kadmium və sink depozitlənmişdir. Gümüş həssas element olduğu üçün, kadmiumun isə toksiki olması səbəbi ilə hal-hazırda bu metodda daha çox qızıl və sink metallarının kombinasiyasından istifadə olunur.

Metodun işləməsi istifadə olunan metalların müxtəlif xüsusiyyətləri ilə əlaqədardır. Qızıl gizli izlər də daxil olmaqla bütün səth üzərinə depozitlənə bilər. Daha sonra qızıl gizli izlərin tərkibində olan yağların içinə diffuziya edəcək və səthdə qızıl atomu qalmayacaq. Bu vacibdir, çünki sonradan sink depozitləndiyi zaman o, yağlı depozit üzərində kondensləşməyəcək, təkcə qızılın mövcud kiçik hissəcikləri üzərində depozitlənəcək.

Mənbə:

  1. www.compoundchem.com
  2. Latent print development – B Yamashita and M French
  3. A simplified guide to fingerprint analysis – www.forensicsciencesimplified.org
66940login-checkCinayət hadisəsində kimya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon