Chemistry News

Kimya üzrə Nobel Mükafatı 2018

İsveç Kral Akademiyası bugün 2018-ci il üçün kimya üzrə Nobel mükafatının “Fermentlərin istiqamətləndirilmiş təkamülü” isinə görə Franses H. Arnolda (ABŞ) və onun iki həmkarına – Corc P. Smit (ABŞ) və Qreq Uinterə (İngiltərə) “Peptidlərin və antikorların faq görüntüsü” işlərinə görə verildiyini elan etdi. İmmunoqlobulin də adlanan antikor əsasən plazma hüceyrələri tərəfindən istehsal edilən Y-şəkilli zülaldır. Bu zülallar immun sistemi tərəfindən patogen bakteriya və virusları təsirsiz hala gətirmək üçün istifadə edilir. Faq görüntü zülal-zülal, zülal-peptid, zülal-DNT qarşılıqlı əlaqələrini öyrənmək üçün istifadə edilən laboratoriya üsuludur. Bu üsul, zülalları onları kodlaşdıran genetik məlumatlarla əlaqələndirmək üçün bakteriofaqlardan (bakteriyalara yoluxan viruslar) istifadə edir.

Akademiyanın nümayəndələri bildiriblər ki, bu ilki laureatlar “təkamül əsasında inqilab” yaradıblar və “Darvin nəzəriyyəsinin prinsiplərini sınaq şüşəsində tətbiq etdiklərinə görə” mükafata layiq görülüblər. Onların icad etdiyi metodlar müxtəlif xəstəliklərə qarşı mübarizə, ekoloji kimya sənayesinin inkişafı üçün yeni materialların yaradılması, davamlı bioyanacaq istehsalı və bir çox digər sahələrdə tətbiq olunur. Mükafatçıların tədqiqatları həm də yeni dərmanların yaradılmasına şərait yaradır.

Xatırladaq ki, ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği təqribən 1 milyon dollar olan pul mükafatı veriləcək. Həmin məbləğ laureatlar arasında bölünəcək.

28800login-checkKimya üzrə Nobel Mükafatı 2018
wpChatIcon