Chemistry News

Sevimli Talismanın Gətirdiyi Gizli Ölüm

Erkən Həyatı

Dünyaya Mariya Sklodovska kimi göz açan bu xanım kimya tarixinin salnaməsinə “Mariya Küri” adı ilə həkk olundu. Ailəsi və dostları onu “Manya” ləqəbi ilə cağırırdılar. Manya 7 noyabr 1867-ci ildə Polşanın paytaxtı Varşava şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Anasını (vərəm xəstəliyindən) və böyük bacısını (yatalaq xəstəliyindən) çox erkən itirməyinə baxmayaraq uşaqlıqdan son dərəcə iti yaddaşı ilə fərqlənən Mariya 15 yaşında orta məktəbi qızıl medalla bitirdi. Hələ məktəbdə oxuyarkən qohumunun kimya laboratoriyasında assistent işləmişdi. Mariya ali təhsil almaq istəyirdi. Lakin ailənin buna maddi imkanı olmadığından bacısı ilə maraqlı şərt kəsmişdilər. Aralarında olan sövdələşməyə görə Mariya Varşavadan 150 km uzaqlıqda yerləşən kənddə yaşayaraq tərbiyəçi-müəllimə kimi işlədi və qazancı ilə bacısı Broniyanın Parisdə tibb təhsili almasına maddi yardım elədi, bunun müqabilində isə Broniya daha sonra ona təhsil almağa kömək edəcəkdi. 1891-ci ildə bu vəd yerinə yetirildi, 24 yaşında olarkən böyük bacısının köməyi ilə Mariya Parisə getdi və Sorbon Universitetində (Paris Universiteti) fizika və kimyadan təhsil almağa başladı. O, gec saatlara qədər işləyir və demək olar ki, çörək, kərə yağı və çayla qidalanırdı. Mariya 1893-cü ildə fizika elmləri imtahanında birinci oldu, 1894-cü ildə riyaziyyat elmləri imtahanında isə ikinci yeri tutdu. Məhz həmin ilin yazında o, Pyer Küri ilə tanış oldu. Mariyanın Pyer ilə 1895-ci ildə iyul ayının 2-də baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu…

Milliyyəti Olmayan Nümunəvi Patriot

Manyanın valideynləri övladlarını az müddətə mövcud olan milliyyətinə sadiq patriot kimi böyütmüşdülər. 1815-ci ildə baş verən müharibələr sonrası imzalanan müqavilələrə əsasən Polşa və ona qonşu olan ölkələr bölündü və əsarət altına düşdülər. Bölgü zamanı Varşavanın idarəetməsi çar Russiyasının payına düşdü və şəhər İmperiyanın əsarətində qaldı. Sklodovski ailəsi və digər patriotlar müxtəlif təzyiqlərə məruz qalmalarına baxmayaraq Polyak mədəniyyətinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün böyük səylər göstərdilər. Bunun təzahürü yüksək vətənpərvərlik hissinə sahib olan Manyanın vətəninin azadlığı uğrunda fəaliyyət göstərən polyak millətçilərinin təşkilatında aktiv iştirakında öz əksini tapmışdır. Vətəninə, millətinə sadiqliyini O, sonrakı dövlərdə elmi fəaliyyətində də göstərmişdir. Belə ki, 1898-ci ilin iyulunda həyat yoldaşı P. Küri ilə aşkar etdikləri yeni elementi Mariyanın vətəni Polşanın şərəfinə Polonium adlandırdılar.

Zirvəyə Gedən Yol

1895-ci ilin dekabr ayında V. Renten rentgen şüalarını kəşf etdi. Üzərindən bir neçə ay keçdikdən sonra 1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya, Bekkerelin bu kəşfini “Radioaktivlik” adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: Görəsən, bu xassə yalnız urana və onun duzlarına məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radioaktivlik olmasını aşkarladı. O, diqqətini yenidən minerallara yönəltdi və uran filizi onun marağını cəlb etdi. Uran filizi radioaktivliyi saf uranın radioaktivliyindən yüksək olan bir mineraldır və bu yalnız filizin tərkibində kiçik miqdarda, lakin çox yüksək aktivliyi olan naməlum maddənin varlığı ilə izah edilə bilərdi. Pyer Küri Mariyanın bu problemi həll etmək üçün başlatdığı və yeni elementlər, polonium və radiumun kəşfi ilə nəticələnən araşdırmasına qoşuldu.

1898-ci ildə Mariya və Pyer Kürilər uran filizində yeni bir radioaktiv element kəşf etdilər. O, uran filizi qətranını natrium əsası ilə qarışdırdıqdan sonra, həll olmayan hissəni xlorid turşusunda həll edərək məhlul hazırlamışdı. Alınan çöküntü ayrıldıqdan sonra aydın olur ki, hər iki fraksiyada radioaktivlik xassəsi vardır. Ona görə Mariya güman edir ki, uran filizində radioaktivlik xassəsinə malik olan iki yeni element mövcuddur. Barium konsentratı olan fraksiyadakı element radium, bismut konsentratı olan fraksiyadakı element isə polonium idi. Onların birgə gərgin tədqiqatları gözəl nəticə vermişdi çünki onlar polonium elementini kəşf etmişdilər. Həmin ilin dekabrında isə kəşf etdikləri ikinci elementin güclü şüalanma qabiliyyətinə malik olduğunu yoxlayıb adını radium qoydular. Sonrakı illərdə Pyer və Mariya Küri bu elementləri maddə halında almaq üçün təcrübələrini davam etdirmişlər. Radium almaq üçün onlarda kifayət qədər uran filizi olmayıb. Fransa hökuməti onlara lazımi qədər uran filizi vermədiyindən Mariya Küri Vyana EA-ya müraciət edərək bir qədər uran filizi almağa müvəffəq olurlar və hesablayırlar ki, 7 t uran filizində 0,1 q radium vardır. Polonium elementi isə radiumun parçalanmasından yarandığından onu almaq mümkün olmamışdı.

Pyer Küri özünü əsasən radiasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı A.Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdır. 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, “radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə” görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdülər. 1897 və 1904-cü illərdə qızları İren və İvin dünyaya gəlməsi Mariyanın elmi işlərini dayandıra bilmədi. O, 1900-cü ildə Fransanın Sevr şəhərində qızlar üçün olan Ali məktəbə fizika üzrə mühazirəçi təyin edildi.

Mariya Küri uran filizlərində işləmək və analiz etmək üçün klassik üsul işləyib hazırlamışdır. Bütün bu təcrübələrin nəticəsi olaraq Mariya Küri 1903-cü ildə Sorbon Universitetində “Radioaktiv maddələrin tədqiqi” adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. O, 1904-cü ilin dekabrında Pyer Kürinin idarə etdiyi laboratoriyaya baş assistent təyin edildi.

1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak olmuşdu. Lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina etmişdir. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sorbon Universitetində dərs deyən ilk qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım Küri bu nəticəyə 1910-cu ildə A. Debirnlə birgə nail olmuşdur. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə “kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da O, zirvəni fəth edərək Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.

Məşhurluğun Təntənəsi

Birinci Dünya müharibəsi illərində Mariya Küri özünü qızı İrenin köməyi ilə “kiçik Kürilər” kimi tanınan səyyar qurğuların
daxil olduğu və yaralı əsgərlərin müalicəsi üçün istifadə edilən Rentgen aparatının inkişafına həsr etmişdi. Müharibə zamanı o, həmçinin hərbi cərrahlara radiologiyadan istifadə etməyi tədris etmişdir. Bu tədqiqatların nəticəsini daha sonra yazdığı
“Radiologiya və müharibə” adlı kitabında əks etdirmişdir.

1918-ci ildə heyətində İrenin də yer aldığı Radium İnstitutu fəaliyyətə başladı və nüvə fizikası və kimyasının mərkəzinə çevrildi. Mariya Küri isə bu İnstitutun fundamental tədqiqatlar və radioaktivliyin tibbi istifadəsi şöbəsinə direktor təyin olumuşdu. Artıq şöhrətin zirvəsində olan Mariya Küri 1922-ci ildən etibarən Tibb Akademiyasının üzvü kimi radioaktiv maddələri və onların tibbi istifadəsini tədqiq etmişdi.

1921-ci ildə Mariya Küri qızları ilə bərabər radiumun tədqiqatına maliyyə ayrılması üçün Birləşmiş Ştatlara səfər etmişdi. Oradakı qadınlar kompaniyası münasibəti ilə ona bir qram radium hədiyyə etmişdilər. Mariya həmçinin Belçika, Braziliya, İspaniya və Çexslovakiyada (indiki Çexiya və Slovakiya) mühazirələr vermişdi. Bundan əlavə, Parisdə Küri Fondunun yaradılması və 1932-ci ildə Varşavada bacısı Broniyanın direktoru olduğu Radium İnstitutunun açılış mərasimini görmək ona nəsib olmuşdu.

1923-cü ildə O, Pyer Kürinin tərcümeyi-halını yazaraq kitab şəklində nəşr etdirmişdir. Həmçinin bu illərdə yenidən müstəqillik qazanmış vətəninə tez-tez səfər edərək, orada gənc mütəxəssislərə yardım göstərmişdir.

Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının “Bertelo”, London Kral Cəmiyyətinin “Devi”, Franklin İnstitutunun “Elliot Kresson” medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi adla mükafatlandırılmışdır. Paris Radium İnstitutundakı 1,5 qram radium ehtiyatı 1930-cu illərdə aparılan təcrübələrə mühüm töhvələr vermişdi. Bu iş Ser Ceyms Çadvik tərəfindən neytronun kəşfi və hər şeydən öncə 1934-cü ildə İren və Frederik Coliot-Kürinin süni radioaktivliyi kəşf etməsi üçün zəmin yaratmışdı. Süni radioaktivliyin kəşfindən bir
neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən (leykemiya) dünyasını dəyişmişdir.

O, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini üzərində talisman kimi gəzdirərmiş. Onun tutduğu qeyd dəftəri hələ də o qədər radioaktivdir ki, bu dəftərin yanına yaxınlaşmaq belə çox təhlükəlidir.

Ədəbiyyat:

  1. “Marie Curie – Biography”. Nobelprize.org.
  2. “Marie Curie – Research Breakthroughs (1897-1904)”. American Institute of Physics.
  3. Robert William Reid (1974). Marie Curie
  4. https://www.biography.com/scientist/marie-curieaip.org
  5. Fərhad Hacıyev – Görkəmli fiziklər kitabı

66350login-checkSevimli Talismanın Gətirdiyi Gizli Ölüm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon