Chemistry News

Melamin

Molecule of the Week” layihəsi çərçivəsində Xatirə Əzimova tərəfindən yazılan məqalə: “Melamin”.

Melamin C3H6N6 kimyəvi formuluna malik, rəngsiz, heterotsiklik üzvi birləşmədir. Nisbi molekul kütləsi 126,12 q/mol, sıxlığı 1,57 q/sm³-dir. Bu ağ qatı maddə 1,3,5-triazin skeleti olan sianamid trimeridir. Sianamid kimi bu maddənin də 67%-i azotdan təşkil olunmuşdur. Birləşmələri yandırıldıqda azot qazı sərbəst buraxıldığı üçün yanğına davamlı xüsusiyyətə malikdirlər.

Sənayedə adətən bu maddənin formaldehid və digər maddələrlə reaksiyaları əsasında melamin qətranları əldə edilir. Belə qətranlar yemək qabları, laminant döşəmələr, masalar, quru silmə lövhələri kimi yüksək təzyiqli dekorativ laminantların hazırlanmasında istifadə olunan xarakterik olaraq davamlı termoset plastikdir. Melamin köpüyü isə izolyasiya, səs keçirməyən material və polimer təmizləyici kimi məhsullarda istifadə edilir. Həmçinin, melamin mürəkkəb və plastiklərdə piqment kimi də istifadə olunur.

Zülal tərkibini artırmaq üçün bəzən qida məhsullarına melamin qeyri-qanuni olaraq əlavə olunur. Melamin qəbulu reproduktiv zədələnməyə, böyrək daşlarına, sidik kisəsi xərçənginə səbəb ola bilər. Nəfəs aldıqda, dəri və ya gözlə təmasda olduqda qıcıqlandırıcıdır. Tərkibində azotun yüksək olmasına görə 1950 və 1960-ci illərdə melamindən əkinçilikdə gübrə məqsədi ilə istifadə olunması kimi fikirlər irəli sürülmüşdü. Lakin, minerallaşma prosesi yavaş getdiyindən ondan istifadənin səmərəli olmadığı sübut edilmişdir. Melamin qızdırılmadığı müddətdə insan orqanizmi üçün zərərli deyil.

Melamin ilk dəfə 1834-cü ildə alman kimyaçı Justus von Liebig tərəfindən sintez edilmişdir. İlk istehsalda kalsium sianamid əvvəlcə disiandiamidə çevrilirdi, daha sonra isə ərimə temperaturunun üzərində qızdırılaraq melamin əldə edilirdi. Hazırda isə əksər sənaye istehsalçıları melamini aşağıdakı reaksiya əsasında karbamiddən istehsal edirlər:

6 (NH2)2CO → C3H6N6 + 6 NH3 + 3 CO2

Melamin, almitrin, altretamin, siromazin, etilheksil triazon, izkotrizinol, meladrazin, melarsomin, melarsoprol, tretamin, trinitrotriazin və bir sıra dərmanların əsas tərkib hissəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi melamin istehsalçılar tərəfindən bir sıra məhsullar, xüsusən də plastik qablar istehsal etmək üçün istifadə olunan azot əsaslı birləşmədir. O, həmçinin aşağıdakı məhsulların istehsalında istifadə olunur:

Mətbəx əşyaları

Dəzgahlar

Kağız məhsullar

Plastik məhsullar

Laminantlar

 

Melamin bir çox məhsullarda geniş yayılmış olsa da, bəzi insanlar birləşmənin zəhərli ola biləcəyinə dair təhlükəsizlik narahatlıqlarını bildirdilər. Qida və Dərman Administrasiyası (FDA) melamin üzərində təhlükəsizlik testləri aparmışdır, Ümumi olaraq təhlükəsiz hesab olunsa da, yüksək temperaturlarda və xüsusilə mikrodalğalı sobada istifadəsi təhlükəli sayılır.

 

Ədəbiyyat:

  1. Melamine – Wikipedia
  2. What Is Melamine? Safety for Use in Dishes (healthline.com)
  3.  What Is Melamine & Is It Safe? Using Melamine in Your Kitchen (webstaurantstore.com)
54280login-checkMelamin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon