Chemistry News

Dimetikon

“Molecule of the Week” layihəsi çərçivəsində Firəngiz Tavuzlu tərəfindən yazılan məqalə: “Dimetikon”.

Kimyəvi formulu (C2H6OSi)n şəklində olan dimetikonun digər adı polidimetilsiloksandır. Polidimetsiloksan qısa şəkildə PDMS kimi adlandırılır. Eyni zamanda polidimetilsiloksan əvəzinə E900 də deyə bilərik. Si-O-Si əlaqəsinə malikdir, bu da o deməkdir ki, siloksanlar qrupuna aiddir. Ümumi olaraq siloksanlar yumşaltma, nəmləndirmə məqsədilə istifadə olunur. Dezodorant tipli məhsulların cilddə sürüşməsini asanlaşdırır, saç və cilddə yumşaqlıq, hamarlıq hissinə səbəb olur. PDMS polimer silikondur. Siloksan və silikon anlayışlarının fərqi belədir: siloksan funksional qrupdur, silikon dedikdə isə biz maddəni nəzərdə tuturuq. Silikon sintezini ilk dəfə Wacker Chemiecompany həyata keçirmişdir. PDMS siloksan funksional qrupuna malik ən çox istifadə edilən, tanınan silikon birləşmədir.

Silikon xloridlərin hidrolizi zamanı siloksan funksional qrupu alınır:

2R3Si-Cl + H2O → R3Si-O-SiR3 + 2HCl

 

Siloksan funksional qrupu                               Polidimetilsiloksan

 

Dimetikon (PDMS) ilk dəfə 1950-ci illərin əvvəlində kosmetika məhsullarında tətbiq olunmağa başlandı. 1950-ci ildə ilk silikon yağ tərkibli uşaq oyuncağı hazırlandı və “Silly Putty” adlandırıldı.

PDMS temperaturdan asılı olaraq fiziki xüsusiyyətlərini dəyişdirə bilən rəngsiz və qoxusuz bir mayedir. Hidrofobdur. Zəhərli və yanıcı deyil. İnertdir. Benzin, dizel, kerosin və toluol kimi bir çox üzvi həlledicilər bu silikon yağını yaxşı parçalayır.

Bir çox araşdırmalar nəticəsində “US FDA”, “The Cosmetic İngredient Review “(CIR), “Skin Deep Cosmetic Database” PDMS-in təhlükəsiz olduğunu bildirmişdir. Laboratoriyada dovşanlar və siçanlar üzərində testlər aparılmış, oral yolla onlara dimetikon verilmiş, amma PDMS-in təhlükəli olduğu və ya xərçəngə səbəb olduğu kimi bir nəticə əldə edilməmişdir. Sadəcə heyvan və insanların gözlərində qıcıqlanmaya səbəb olduğu öz təsdiqini tapıb.

Bir çox sahədə tətbiq edilir. PDMS ilk dəfə çiplərin ömrünü uzatmaq məqsədilə elektron komponentlərin kapsulasında istifadə edilmişdir. Sonralar qida istehsalında qida qatqı maddəsi olaraq istifadə edilməyə başlandı. Meyvə və tərəvəzlərin uzun müddət saxlanması üçün, hazır şorbaların və tərkibində şəkər olan məhsulların istehsalı zamanı istifadə edilir. Spirtsiz içkilərə də əlavə edilə bilir. Əlavə olaraq qida qatqı maddəsi olaraq un məhsulları və yağ istehsalında da PDMS-ə tələb var.

Bir çox uşaq oyuncaqları və ev əşyalarnın istehsalında da PDMS istifadə edilir.

Suyu kənara itələdiyi (qovduğu) və cild üzərində qoruyucu təbəqə əmələ gətirdiyi üçün bir çox kosmetika məhsullarında da istifadə edilir. Cild üzərində qoruyucu təbəqə əmələ gətirərək dərinin su itirməsinin qarşısını alır. Dəriyə, saça hamarlıq, yumşaqlıq hissi verir. Ayrıca üzdəki xırda qırışları da dolduraraq, cilddə qısamüddətli “dolğun” görünüşü yaradır. Əgər saçınızda bit varsa, dimetikon tərkibli şampunlara müraciət edə bilərsiniz, həmçinin saçlarınız zədəlidirsə, dimetikon tərkibli saç məhsulları saçınızı yumşaldacaq və ona həcm qazandıracaq.

Kontakt linzalarda, tibbi cihazlarda, tibb sahəsində geniş tətbiq edilir. Yanıqlar üçün süni dəri hazırlanması zamanı istifadə olunur.

 

Ədəbiyyat:

  1. https://en.wikipedia.org/wiki/Polydimethylsiloxane
  2. https://en.wikipedia.org/wiki/Siloxane
  3. https://russoindustrial.ru/articles/docs/polidimetilsiloksan-svojstva-i-primenenie/
  4. Journal of Mechanical Engineering and Biomechanics – 2019 , Andrews Victor, Joao Ribeiro, Fernando S. Araujo “Study of PDMS characterization and its applications in biomedicine: A review”
51770login-checkDimetikon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon