Chemistry News

Dünyanın ən dəhşətli kimyəvi fəlakəti – Bhopal Qaz Faciəsi

Bhopal Qaz Faciəsi olaraq da adlanan Bhopal fəlakəti 1984-cü ilin 2 Deakabr tarixində Hindistanın Bhopal şəhərində yerləşən, ABŞ-ın “Union Carbide” şirkətinə məxsus pestisid zavodunun rezervuarlarında baş vermiş sızıntının səbəb olduğu fəlakətdir. Hadisə 42 ton metil izosianat (MIC) qazının sızması nəticəsində baş vermişdir. Bu faciə dünya tarixində qurbanlarının sayına görə ən böyük kimyəvi fəlakət sayılır. Qəza nəticəsində 18 min insan həlak olub, 500 mindən artıq insan qəzadan ciddi zərər çəkib.

Pestisidlər – zəhərli kimyəvi maddələrdən hazırlanan, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunan maddələrdir.

Zavodda aşağıdakı reaksiyalar üzrə karbaril istehsal edilirdi. İlk növbədə metilamin (1) və fosgen (2) arasındakı reaksiyadan metil izosianat (3) əldə edilirdi. Daha sonra isə metil izosianat (3) ilə 1-naftol (4) qarşılıqlı təsirindən hədəf maddə olan karbaril (5) əmələ gəlirdi.

Zavodun məhsullarına tələbat azaldıqca gəlirlər də azalmağa başlayıb. Bu səbəbdən zavodun işçilərini  maaşları azaldılıb, ixtisarlar edilib, lakin, zavod yenə də yaranmış çətin vəziyyətdən çıxa biməyib. Çıxış yolu kimi zavodun təhlükəsiz şəkildə işləməsi üçün sərf olunan vəsaitlərə qənaət edilməyə başlanılıb. 1984-cü il dekabr ayının ilk günlərinə qədər artıq zavodun MIC ilə əlaqəli təhlükəsizlik sistemlərinin əksəriyyəti nasaz, klapanlar və xətlər isə çox pis vəziyyətdə idi. Əsas təhlükəsizlik şərtlərindən biri rezervuarlarda tələb olan temperaturun saxlanılması olub ki, bu şərtə də əməl edilməyib. Belə ki, rezervuarlarda temperatur 40 0C-yə qalxıb və yaranmış təzyiq qəza klapanlarını dağıdıb.

Beləliklə, 1984-cü il dekabrın 3-də, gecə saat 2-də rezervuarların yeraltı partlayışından sonra havaya 42 ton metilizosionat qazının sızması başlanıb. Qəzanın ilk saatlarında 3 min nəfər həlak olub. Sonrakı bir il ərzində isə həlak olanların sayı 18 minə çatıb. Bhopal faciəsi sonralar 500 mindən artıq insanın səhhətində ciddi problemlər yaradıb.

Qəzaya səbəb kimi içərisində 42 ton MIC saxlanılan E610 tankına suyun daxil olması göstərilir. Tanka suyun daxil olması çirkləndiricilər, yüksək temperatur, polad boru xətlərində olan dəmirin mövcudluğu kimi bir sıra amillərin də sürətləndirdiyi kənar ekzotermik reaksiyalarla nəticələndi.

Qəza gecə baş verdiyindən şəhər əhalisi ilk dəqiqələrdə çaşqın vəziyyətdə qalıblar, nələrin baş verdiyini anlamayıblar. Öskürək, təngnəfəslik, hava çatışmazlığı, gözlərdə və ürəkdə dəhşətli ağrılar qısa zaman kəsiyində çoxsaylı ölümlərlə nəticələnib. Rəsmi mənbələrə görə ilk gün ölənlərin sayı 3 minə çatıb.

Hadisənin şahidi olan ingilis mühəndis Ceyms Beyker sonralar Bhopal faciəsi ilə bağlı yazdığı xatirələrdə həmin dəhşətli hadisəni belə xatırlayıb: “Bu faciəni dünyanın ən ağır müharibələrindəki ən dəhşətli döyüş səhnələri ilə də müqayisə etmək olmaz. İnsanlar bir göz qırpında məhv olurdular. Burada nə silahların tətiyi çəkilirdi, nə də atəş səsləri eşidilirdi. Bir dəfə dərindən nəfəs almaq kifayət edirdi ki, həyatınla vidalaşasan. Adamların çoxu əvvəlcə kor olurdular, sonra isə boğulurdular. Çoxları elə yataqda, yuxuda olduqları vaxt zəhərlənib, ölmüşdülər. Qəzanın gecə baş verməsi isə əhalini daha da təşvişə salmışdı, insanlar nə edəcəklərini bilmirdilər. Zəhərli hava təkcə insanları deyil, ətrafdakı bütün yaşıllıqları, heyvanları da məhv edirdi. Bhopal sözün əsl mənasında, dəhşətli bir cəhənnəmi xatırladırdı…”

Məruz qalmanın ilkin təsirləri öskürək, şiddətli göz qıcıqlanması və boğulma, tənəffüs yollarında yanma, blefarospazm, nəfəs ala bilməmək, mədə ağrıları və qusma idi.

MIC-dən başqa qaz buludunda xloroform, dixlormetan, hidrogen xlorid, metilamin, dimetilamin, trimetilamin və karbon qazı (CO2) da var idi. Bu maddələr böyük ehtimal MIC. xloroform və suyun qarşılıqlı təsirindən əmələ gəlmişdi. Qaz buludu əsasən havadan daha ağır maddələrdən ibarət olduğu üçün yer səthinə yaxın təbəqədə qalırdı.

Bhopalda baş verən qəzanın fəsadları bu gün də özünü göstərməkdədir. Statistik göstəricilərə görə, bu şəhərdə xərçəng və endokrin xəstəliklərindən əziyyət çəkənlərin sayı daha çoxdur

50850login-checkDünyanın ən dəhşətli kimyəvi fəlakəti – Bhopal Qaz Faciəsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon