Chemistry News

Gübrələr və onların növləri

Tərkibində bitkilər üçün lazım olan element saxlayan və torpağa verildikdə məhsuldarlığı artıran duzlara mineral gübrələr deyilir. Bitkilərin tərkibində 60-a qədər kimyəvi elementə rast gəlinir. Onların normal inkişafı oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, maqnezium, kükürd, kalsium, dəmir və s. elementlərdən asılıdır. Bu elementlərin ehtiyatı isə hava və torpaqda cəmləşmişdir. Havadan bitkilər fotosintez üçün lazım olan karbon qazını, torpaqdan isə suyu ve mineral maddələri götürür. Mineral komponent olaraq azot, fosfor və kalium bitkilər üçün həyat elementi hesab edilir.

Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə, tərkibinə (qida elementinə görə), fiziki-kimyəvi xassələrinə (əsasən torpaqda su ilə həll olmaları), torpaqda fizioloji fəaliyyətinə, alınma üsuluna və s. görə təsnif olunurlar. Aqrokimyəvi əhəmiyyətinə görə mineral gübrələr birbaşa və dolayı olmaqla iki yerə bölünür. Birbaşa gübrələr elə mineral gübrələrə deyilir ki, bitki lazım olan elementi birləşmə şəklində birbaşa mənimsəsin. Dolayı gübrələr torpaqda artıq mövcud olan qida maddələrinin səfərbərliyinə xidmət edir. Məsələn, üyüdülmüş əhəng, yaxud dolomit torpağın turşuluğunu aşağı salır. Gips istifadəsi isə torpağın şoranlıq xassələri yaxşılaşdırır və s. Birbaşa mineral gübrələr qida elemetlərinə görə fosforlu, azotlu, kaliumlu, maqneziumlu və s. qruplara bölünür. Qida elementlərinin miqdarına görə isə mineral gübrələr sadə (tərkibə bir qida elementi daxildir) və kompleks (tərkibə iki və daha çox qida elementi daxildir) olmaqla iki yerə ayrılır.

Bitkilərin boy artımı üçün çox az miqdarda lazım olan mikrogübrələr qrupu da vardır ki, bu gübrələrin tərkibinə bor, manqan, sink, mis və s. elementlər daxildir. Belə gübrələr torpağın hər hektarına 1 kq (1 kq/ha) verilir.

Müxtəlif gübrələrin mexaniki qarışdırılmasından qarışıq gübrələr alınır. Kimyəvi reaksiyalar nəticəsində alınan və tərkibinə bir neçə elementi daxil olan gübrələr mürəkkəb (yaxud kompleks) gübrələr adlanır.

Torpaqda olan suda həllolma qabiliyyətinə görə mineral gübrələr iki qrupa bölünür; suda həll olan və torpaqda olan turşuluq hesabına həll olan mineral gübrələr. Suda həll olanlara azot və kalium gübrələrini misal göstərmək olar. Bu gübrələr bitkilər tərəfindən tez mənimsənilir və torpaqdan qısa müddətdə yuyulur, əksər fosfat gübrələri isə torpağın turşuluğu hesabına həll olur. Fosfat gübrələrinin həll olması tədricən baş verir və torpaqda uzun müddət qalır.

Fizioloji xüsusiyyətlətinə görə mineral gübrələr üç yerə bölünür: fizioloji turşu, fizioloji qələvi və fizioloji neytral gübrələr. Sonuncu növ gübrələr torpağın pH-na təsir etmir. Formasına görə gübrələr adi və dənəvər olurlar.

Fosfor gübrələri. Bu gübrələr tərkibindən asılı olaraq torpaq suyunda müxtəlif dərəcədə həll olur və bitkilər tərəfindən eyni vaxtda mənimsənilmir. Həllolmaya görə fosfor gübrələri iki qrupa bölünür; bitkilər tərəfindən asan mənimsənilən suda həll olan və çətin qəbul edilən suda həll olmayan fosfotlar. Suda həll olanlara sadə və ikiqat superfosfatı, həll olmayanlara isə fosforit ununu, apatiti, sümük ununu misal göstərmək olar.

Element fosfor, fosfor gübrələri, eləcə də başqa fosfor birləşmələri isthsal etmək üçün xammal olaraq təbii apatit və fosforitdən istifadə edilir. Bu filizlərdə fosfor suda həll olmayan formada olur. Məsələn, flüorapatit-Ca5F(PO4)3 və hidroksilapatit- Ca5OH(PO4)3. Ən böyük apatit yatağı Kol yarımadasında (Xibin) yerləşir. Bu yataqda apatitə nefelinlə birlikdə rast gəlinir. Tərkibində 39-41% P2O5 saxlayan apatit konsentratı flotasiya yolu ilə nefelindən ayrılır. Təqribən 30% Al2O3 saxlayan nefelin fraksiyası isə alüminium istehsalında istifadə olunur.

Çöküntü süxuru olan fosforapatitin tərkibində əsasən flüorapatit və başqa qarışıqlara rast gəlinir. Zənginləşdirilmiş fosforitlərdə P2O5-in miqdarı 20-30% təşkil edir. Ən böyük fosforit yataqlarından biri Qazaxıstanın Qara-Tau vilayətində yerləşir.

Fosfor gübrələri texnologiyasının qarşısında duran ən mühüm məsələ həll olmayan fosfatların həll olan formaya keçirilməsidir. Qeyd olunduğu kimi fosfor gübrələrinin həll olması onların tərkibindən asılıdır. Məsələn, Ca5(PO4)3 mineral turşularda, CaHPO4 torpaq turşularında, Ca(H2PO4)2 isə suda yaxşı həll olunur. Ona görə də fosfor gübrələrinin hazırlanmasında fosforun sonuncu birləşmənin tərkibində olmasına daha çox üstünlük verir. Həll olmayan təbii duzların həll olan formaya keçirilməsi onların mineral turşularla, qələvilərlə və temperaturun təsirilə parçalanmasına əsaslanır.

Superfosfat istehsalı. Sənayedə iki cür superfosfat (sadə və ikiqat) istehsal olunur. Sadə superfosfat daha çox istehsal edilən fosfor gübrəsidir, toz və dənəvər formada buraxılır. Sadə superfosfatın tərkibi əsasən Ca(H2PO4)2•H2O və CaSO4 0.5•H2O-dan ibarətdir. Bunlardan başqa gübrənin tərkibində silisium, alüminium və dəmir fosfat qarışıqlarına da rast gəlinir. Superfosfat istehsalının əsasını təbii fosfatların sulfat turşusu ilə parçalanması təşkil edir. Hazır superfosfat özündə müəyyən miqdar fosfat turşusu saxlayır ki, bu da gübrənin neytrallaşdırılması ammonyakın iştirakı ilə həyata keçirilir. Bu zaman gübrəyə daha bir əhəmiyyətli element (azot) daxil olur.

İkiqat superfosfat istehsalı. Fosfat turşusu ikiqat superfosfatın alınmasında yarımfabrikat rolunu oynayır. Elektrotermiki və ekstraksiya metodları ilə əldə olunur (başqa sözlə turşularla işləməklə təbii fosfatların tərkibindən çıxarılır). Texniki fosfat turşusunun alınması üçün daha geniş yayılmış metod sulfat turşusu ilə işlənilmədir. Sadə superfosfatdan fərqli olaraq ikiqat superfosfat daha zəngin hesab olunur. Belə ki, P2O5-in miqdarı sadədən 2-3 dəfə artıq olub 40-50%-ə qədərdir.

Azot gübrələri. Azot gübrələrinin əksəriyyəti sintetik yolla alınır. Bu gübrələrin alınması üçün əsas material olaraq nitrat və sulfat turşusu, ammonyak, kalium hidroksid və s. götürülür. Bütün azot gübrələri suda yaxşı həll olur və bitkilər tərəfindən asan mənimsənilir.

Ammonium şorasının alınması. Bu gübrə özündə 35% azot saxlayır. Lakin bir sıra fiziki xassələrinə görə ammonium şorası tətbiq olunan zaman problemlər yaranır. Belə ki, yüksək hiqroskopikliyi nəticəsində onun kristalları aqreqatların üzərinə sıçrayır. Bundan başqa anbarlarda saxlanıldıqda bir kristal formasından digərinə keçir. Yenidən kristallaşdırma isə sıçramalara səbəb olur. Göstərilən xassənin qarşısının alınması üçün onun kristalları sümük unu, gips, kaolin və s. ilə pudralanır. İstifadə üçün əsasən dənəvər formada istehsal olunur. Yanğın və partlayış təhlükəsi də ammonium şorasının həm istehsalını, həm də istifadəsini çətinləşdirir. Ammonium şorası əsasən ammonyak və nitrat turşusu zavodlarında istehsal olunur.

Ammonium şorası əsasən iki üsulla istehsal olunur; a) İNT aparatında məhlulun buxarlanması ilə ammonium şorasının alınması, b) Buxarlanma olmadan ammonium şorasının alınması.

Ammonium şorasının fiziki xassələrinin yaxşılaşdırılması məqsədilə onun əsasında mürəkkəb və qarışıq gübrələr də hazırlanır. Məsələn, nitrofoska almaq üçün ammonium nitrat fosfor və kalium duzları ilə qarışdırılaraq əridilir. Bundan başqa ammonium şorası əsasında maye gübrələr də (onun ammonyaklı suda məhlulları) istehsal olunur.

 

Mənbə:

  1. A. M. Məhərrəmov, M. R. Bayramov, İ. Q. Məmmədov “Ümumi kimya texnologiyası“, Bakı 2011, səh. 105-111
  2. Wikipedia – Fertilizer
66630login-checkGübrələr və onların növləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon