Chemistry News

“1 MOL: Maddədən Cəmiyyətə” adlı elmi-maarifləndirici tədbir Keçirilib

23 Oktyabr 2026-cı il tarixində Azerbaijan Chemical Society və AMEA Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “1 MOL: Maddədən Cəmiyyətə” adlı elmi-maarifləndirici tədbir keçirilib.

Tədbirdə kimya elminin fundamental anlayışlarından olan molun elmi mahiyyəti, tədris prosesində rolu, sənayedə tətbiqi və fənlərarası yanaşmanın elmi biliklərin formalaşmasındakı əhəmiyyəti müzakirə olunub.

AzeCS-in icraçı direktoru Elvin Rüstəmli giriş nitqində tədbirin əhəmiyyətindən, kimya elminin inkişafında fundamental anlayışların rolundan, elmi biliklərin təhsil və sənaye ilə əlaqələndirilməsinin vacibliyindən danışıb. O, elm, təhsil və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin, innovativ ideyaların təşviqinin və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev mol anlayışının kimyəvi proseslərin kəmiyyət baxımından izahında mühüm rol oynadığını bildirib. O, bu cür elmi-maarifləndirici tədbirlərin kimya elminə marağın artırılmasına, gənclərin elmi dünyagörüşünün formalaşmasına və nəzəri biliklərin praktiki tətbiq imkanlarının nümayişinə töhfə verdiyini qeyd edib.

Tədbirin proqramı çərçivəsində mol anlayışının elmi, tədris, sənaye və fənlərarası aspektlərini əhatə edən məruzələr dinlənilib.

Kimya müəllimi Vurğun Müzəffərli “Mol anlayışı: elmi mahiyyəti, tarixi inkişafı və tədris problemləri” mövzusunda çıxış edərək anlayışın formalaşma tarixindən, elmi əsaslarından və tədris zamanı qarşıya çıxan çətinliklərdən bəhs edib.

“ChampionX/SLB” şirkətində Mavritaniya və Seneqal üzrə sahə meneceri Orxan Hacıyev “Mikrodünyadan makroistehsala: Mol anlayışının sənaye proseslərində tətbiqi” mövzusunda məruzəsində molun istehsalat proseslərindəki roluna, nəzəri biliklərin praktiki tətbiqinə və kimyəvi hesablamaların sənaye üçün əhəmiyyətinə toxunub.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Elmi faktlardan dünyanın vahid elmi mənzərəsinə: fənlərarası yanaşma” mövzusunda çıxış edib. O, elmi biliklərin dünyagörüşünün formalaşmasındakı rolunu, müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini və fənlərarası yanaşmanın elmi təfəkkürün inkişafına təsirini şərh edib. Məruzəçi ayrı-ayrı elm sahələrində əldə olunan nəticələrin əlaqəli şəkildə öyrənilməsinin dünyanın vahid elmi mənzərəsinin formalaşmasına imkan yaratdığını vurğulayıb.

Məruzələrdən sonra iştirakçıların çıxışları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə elmi biliklərin sistemləşdirilməsində və müxtəlif elm sahələri arasında əlaqələrin müəyyənləşdirilməsində fənlərarası yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, tədbir elmin populyarlaşdırılması, kimya təhsilinin inkişafı, innovativ düşüncənin təşviqi, eləcə də gənc alimlər, doktorantlar, magistrantlar, müəllimlər, tələbələr və sənaye nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.

164030login-check“1 MOL: Maddədən Cəmiyyətə” adlı elmi-maarifləndirici tədbir Keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *