“Molecule of the Week” layihəsi çərçivəsində Elvin Rüstəmli tərəfindən yazılan məqalə: “Taurin”.
Taurin və ya 2-aminetan sulfon turşusu C2H7NO3S kimyəvi formuluna malik amin turşusudur. Rəngsiz və ya ağ rəngli bərk maddədir.
Taurinin adı “Taurus” (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri “Friedrich Tiedemann” və “Leopold Gmelin” tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə “Edmund Ronalds” tərəfindən insan ödündə aşkar edilmişdir. Yüksək miqdarda taurinə beyində, gözdə, ürəkdə və qan hüceyrələrində rast gəlinir.
Taurinin zvitterion şəklində mövcud olması (H3N+CH2CH2SO3−) rentgen kristalloqrafiyası ilə təsdiq edilmişdir.
Taurin süni olaraq izetion turşusunun ammonolizindən əldə edilir. Laboratoriyada ammonyakın brometan sulfonatla alkilləşməsindən də əldə edilə bilir. Təbii olaraq isə sisteindən alınır:
Təbii taurin ətdən, balıqdan və süddən qəbul edilir, başqa bir halda süni əlavələr şəklində ola bilər. Taurin insan orqanizmində də təbii olaraq əmələ gəlir. Bu sulfaminturşu insan bədəninə tamamilə müsbət təsir edir. Əzələ ağrılarını və stresi aradan qaldırır, hüceyrələrin enerji dəyərini artırır, beyin hüceyrələrini aktivləşdirir və tam energetik olmağa səbəb olur. Bədəndə nevroloji funksiyaları və nevroloji ünsiyyət mexanizmini gücləndirir, qandakı mineral duz və su tarazlığını tənzimləyərək antioksidant xüsusiyyətləri göstərir. Taurin xolesterini normaya salır və piy mübadiləsini normallaşdırır. Orqanizmdə taurin azlığı bir sıra sağlamlıq problemlərinə (ürək xəstəlikləri, görmə problemləri, əzələ problemləri, fiziki zəiflik və s.) səbəb ola bilər. Bununla belə taurinin zərərləri də mövcuddur. Belə ki, gündəlik 3000 mq taurin adətən “təhlükəsiz” sayılır. Ancaq energetik içkilərin hər bankasında 1000-2000 mq taurin olduğunu nəzərə alsaq həmin rəqəmin aşılması çox da çətin deyil. Artıq taurin böyrəklər tərəfindən süzülüb bədəndən atıldığı üçün ilk zərər böyrəklər üzərində olur. Uzun müddət gündə 3-4 banka energetik içki içmək bir müddət sonra böyrəklərdə ciddi problemlərə səbəb olacaqdır. Hamiləlik və uşağa süd vermə dövründə energetik içkilər qəbul edilməməlidir. Həkimin tövsiyəsi olmadığı müddətcə uşaqlar energetik içkilər içməməlidir. Çox miqdarda taurin uşaqların normal fiziki və zehni inkişafını əngəlləyə bilər. Kofein həssaslığı olanlar, depressiya, narahatlıq müalicəsi alan insanlar, qaraciyər və böyrək xəstəliyi olanlar, ürək xəstəliyi olan insanların energetik içkilər istehlak etməsi tövsiyə edilmir.
2000-ci illərdən etibarən antifibrotik xüsusiyyətlərinə görə, tərkibində taurin olan kosmetik vasitələr tətbiq edilməyə başlanılmışdır. Saç köklərinə zərərli təsirlərin qarşısını aldığı göstərilmişdir. O, eyni zamanda dərinin nəmli qalmasına da kömək edir. Bəzi kontakt linzaların məhlullarında da istifadə edilir.
Ədəbiyyat
- Taurine | C2H7NO3S – PubChem (nih.gov)
- Taurine Benefits, Uses, Dosage and Dangers – Dr. Axe (draxe.com)
- TAURINE: Overview, Uses, Side Effects, Precautions, Interactions, Dosing and Reviews (webmd.com)
- Ronalds BF (2019). “Bringing Together Academic and Industrial Chemistry: Edmund Ronalds’ Contribution”. Substantia. 3 (1): 139–152.
- Görbitz CH, Prydz K, Ugland S (2000). “Taurine”. Acta Crystallographica Section C. 56: e23–e24. doi:10.1107/S0108270199016029
- What is Taurine? (news-medical.net)
- Kosswig K (2000). “Sulfonic Acids, Aliphatic”. Ullmann’s Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. doi:10.1002/14356007.a25_503
- Ripps H, Shen W (2012). “Review: taurine: a “very essential” amino acid”. Molecular Vision. 18: 2673–86. PMC 3501277. PMID 23170060
- Collin C, Gautier B, Gaillard O, Hallegot P, Chabane S, Bastien P, et al. (August 2006). “Protective effects of taurine on human hair follicle grown in vitro”. International Journal of Cosmetic Science. 28 (4): 289–98. doi:10.1111/j.1467-2494.2006.00334.x
- Janeke G, Siefken W, Carstensen S, Springmann G, Bleck O, Steinhart H, et al. (August 2003). “Role of taurine accumulation in keratinocyte hydration”. The Journal of Investigative Dermatology. 121 (2): 354–61. doi:10.1046/j.1523-1747.2003.12366.x
- James TJ, Hansen D, Nolfi J (2004-04-01). “Ocular Health and Next Generation Solutions”.