Chemistry News

Natrium Lauril Sulfat

“Molecule of the Week” layihəsi çərçivəsində Firəngiz Tavuzlu tərəfindən yazılan məqalə: “Natrium Lauril Sulfat”.

Kimyəvi formulu NaSO4C12H25 şəklində olan, SLS (Sodium Lauryl Sulfate) kimi tanıdığımız Natrium lauril sulfat, geniş şəkildə istifadə olunan səthi aktiv maddədir. Öncə səthi aktiv maddələrə qısa nəzər salaq. SAM – mayenin səthi gərginliyini azaldan, hər hansı bir damlanın səthdə daha asan yayılmasına kömək edən və beləliklə də iki maye arasındakı gərginliyi azaldan isladıcı maddələrdir. SAM-lar yuyucu vasitələr, köpük və emulsiyaların stabilləşdiriciləri, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və s. kimi işlədilir. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla(soda, fosfatlar, natrium-sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir. Belə SAM-ların qarışığına sintetik yuyucu vasitələr deyilir. Bütün səthi-aktiv birləşmələri iki böyük qrupa bölmək olar: ionogen və qeyri-ionogen maddələr. İonogen maddələrin bir növü də anion-aktiv ionogen maddələrdir. Alkilsulfatlar anion yuyucu maddələrə aid edilir və natrium lauril sulfat da alkilsulfatların nümayəndəsidir. Alkilsulfatlara sulfoefirlərin duzu kimi baxılır. Natrium lauril sulfata biz müxtəlif adlarda rast gələ bilərik. Çox istifadə olunan adlarından biri də SDS (Sodium Dodecyl Sulfate) – Natrium dodesil sulfatdır.

Ağ və ya krem rəngli kristal şəklində olan bu maddə yüngül xarakteristik qoxuya malikdir. Bu qoxu yağlı maddələrin qoxusunu xatırladır. Ərimə temperaturu 204 – 207 C, qaynama temperaturu isə 588C-dir.

İlk dəfə natrium lauril sulfatdan İkinci Dünya Müharibəsində mühərriklərin səthindən yağ, kir və digər çirkləndiriciləri təmizləmək üçün istifadə olunmuşdur. Həmin vaxtdan indiyə qədər bu məqsədlə bu tip məhsulların tərkibində istifadə olunmaqdadır. Çünki SLS ən sərt yağları təmizləmək üçün güclü kimyəvi maddədir. 1930-cu ildən etibarən isə şampunların tərkibində istifadə olunmağa başlandı.

Alınması:

Onu neft yağları, kakos və palma yağlarından əldə etmək mümkündür.

Natrium dodesil sulfatı sintez etmək üçün lauril spirtinə SO3, oleum və ya xlorosulfon turşusu ( ClSO3H) ilə təsir edib lauril sulfat alınır. Alınmış məhsul natrium hidroksil və ya natrium karbonat ilə neytrallaşdırılır.

Yuxarıda qeyd etmişdik ki, natrium lauril sulfat səthi aktiv maddədir. Səthi aktiv maddə molekulları məhlulun səthində elə yerləşir ki, onların hidrofil hissəsi suya, hidrofob hissəsi isə az polyar fazaya tərəf yönəlir. SLS-in quruluşuna baxdıqda, çəhrayı rənglə işarələnmiş hissə hidrofil, suda həll olunan hissədir, 12 karbon uzunluğundakı zəncir isə hidrofob, yəni suda həll olmayan hissədir. Yuyucu maddə molekulları difil xassəyə malik olduğundan çirk hissəcikləri üzərində adsorbsiya olunur. Çirk qeyri-polyar (piy) xarakterli olduğundan kimyəvi maddənin  molekulunun hidrofob hissələri çirk istiqamətində yönəlir. Çirk-məhlul fazaları sərhəddində adsorbsiya hesabına yuyucu maddə molekulları səthi gərilməni kəskin aşağı salaraq, islanmanı sürətləndirir və təmizlənən səth ilə çirk arasında olan boşluğa daxil olur. Yaxşı hidratlaşmış adsorbsiya təbəqəsinin yaranması pərçimlənmə təzyiqini əmələ gətirərək, çirki qoparıb yuyucu məhlula keçirir.

Şampunların tərkibindən əlavə, şəxsi gigiyena vasitələrinin (bədən, əl, üz yuma, saç və dırnaq, həmçinin köpük şəklində olan təmizləyici vasitələrinin), ev təmizliyində istifadə etdiyimiz məhsulların tərkibində də SLS vardır. Diş məcunlarının da tərkibində yer alan SLS, köpük əmələgəlməni yaradır və qida qalıqlarının dişlərdən təmizlənməsinə kömək edir.

Qida qatqı maddəsi kimi emulqatorlar şəklində qidaların tərkibində istifadə edilir. Məsələn, qurudulmuş yumurta məhsullarında rast gəlmək mümkündür. Turşularla mayelərin daha yaxşı qarışmasına kömək edir, məsələn, meyvə şirələrində. Əlavə olaraq un məmulatlarının strukturunu yaxşılaşdırır, onların saxlama müddətini uzadır.

Siçanlar və dovşanlar üzərində müxtəlif testlər aparılmış və bəzi mənfi hallar qeydə alınmışdır. Buna görə də bəzi araşdırmalarda SLS ziyanlı, hətta xərçəng yarada bilən maddə kimi qeyd edilir. Amma bizim istifadə etdiyimiz məhsulların tərkibində heyvanlar üzərində test edilən miqdar istifadə edilmədiyi üçün onun ziyanlı, xərçəng yaratdığı xüsusiyyəti təsdiq edilməyib. Yəni məhsulların tərkibində uyğun miqdar istifadə edildiyi təqdirdə SLS problemli deyil və həssas dəriyə, problemli baş dərisinə sahib olan insanlar SLS tərkibli məhsulları istifadə edərkən (dəridə qıcıqlanma, baş dərisində qabıqlanma yaranmasın deyə) daha çox diqqətli olmalıdır. Əlavə olaraq SLS heyvanlar üzərində test edilən bir maddə olduğu üçün SLS tərkibli məhsulların istifadəsi şəxsi seçimdir.

 

Ədəbiyyat

  1. A.M.Məhərrəmov, M.R.Bayramov, Neft kimyası və neft-kimyəvi sintez, Bakı-2006
  2. https://en.wikipedia.org/wiki/Sodium_dodecyl_sulfate
  3. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Sodium-dodecyl-sulfate
  4. The Journal of Knowledge and Innovation, Sodium dodecylsulphate : A very useful Surfactant for Scientific Investigations, (February 2014)
44950login-checkNatrium Lauril Sulfat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon