Chemistry News

Bisfenol A

“Molecule of the Week” layihəsi çərçivəsində Firəngiz Tavuzlu tərəfindən yazılan məqalə: “Bisfenol A (BFA)”.

Zəif dərman qoxusuna malik olan Bisfenol A-nın kimyəvi formulu C15H16O2-dir. Ağ – açıq-qəhvəyi rəng aralığında, xırda kristallar (toz) şəklindədir. Etanol (C2H5OH), benzol(C6H6), efir və qələvilərdə çox yaxşı, sirkə turşusu(CH3COOH), aseton(C3H6O)-da yaxşı, tetraxlormetan(CCl4)-da az həll olur. Demək olar ki, suda həll olmur. Ərimə temperaturu 153˚C-157˚C hesab olunur.

Alınma reaksiyası:

(CH3)2CO + 2C6H5OH → (CH3)2(C6H4OH)2 + H2O

İlk dəfə 1891-ci ildə rus kimyaçısı A. P. Dianin tərəfindən sintez olunmuşdur. Bu maddə asetonla iki ekvivalent fenol qrupunun reaksiyasından əldə edilib. “Bisfenol A” adındakı “A” hissəsi elə asetonla bağlıdır. Ötən əsrin 50-ci illərindən bu günə qədər plastiklərdə istifadə olunur.

BFA polikarbonat plastiklərin sərtləşdirilməsi ilə bərabər dözümlülük və şəffaflığı artırmaq məqsədilə istifadə edilir. Polikarbonat tipli qətranların 71%, epoksi tipli qətranların 27% tərtibində xammadədir. Uşaqların qidalanması və süd, su içməsi üçün nəzərdə tutulan qabların (biberonların); qida saxlama qablarının; su damacanalarının; konserva qutuların iç hissəsinin; şüşə bankaların və metal içki qablarının qapaqlarının üzərindəki örtük hissələrin; şərab, şampan kimi içkilərin daşınması zamanı istifadə edilən qabların; oyuncaqların hazırlanmasında istifadə edilir. Diş müalicəsi zamanı istifadə olunan dolğuların( plombların) da tərkibində BFA mövcuddur. Eyni zamanda BFA kassalardan bizə təqdim edilən qəbzlərin üzərindəki mürəkkəbin rəngini yaxşılaşdırmaq üçün istifadə edilir.

Yuxarıda sadaladığımız məhsullardan həmin məhsullarda istifadə etdiyimiz qidalara, içkilərə BFA miqrasiyası mümkündür. Polikarbonat tipli məhsullarda temperatur, qızdırılma, suyun sərtliyi kimi amillər; epoksi tipli məhsullarda laklama tipi, istifadə olunan lakın miqdarı, temperatur, təmas etdiyi qida maddəsinin növü, tərkibindəki duz və yağ miqdarı kimi amillər bu keçidə təsir göstərir. Beləki, ət, balıq kimi konservalar və  hazır şorbaların tərkibində xüsusilə də yağ və duzun miqdarı çox olduqda BFA-nın qidaya keçid miqdarı artır. Bəs insan orqanizminə düşən BFA orqanizmə necə təsir edir? Araşdırmalar zamanı müəyyən edilmişdir ki, BFA 24 saat içində sidik vasitəsilə insan orqanizmindən xaric olunur. Lakin BFA-nın bir hissəsi toxumalarda yığılıb qala bilir. Bu hal isə insan orqanizmi üçün fəsadlara gətirib çıxarır. Bu istiqamətdə araşdırmalar aparılmış, heyvanlar üzərində BFA test edilmişdir. Nəticədə Bisfenol A-nın endokrin sistemə təsir etdiyi müəyyən edilmişdir. Erkək siçanların cinsiyyət sistemində aparılan sınaqlar zamanı, verilən dozanın onların sperma miqdarının və sperma hərəkətliliyinin azalmasına səbəb olduğu öyrənilmişdir. Qadınlarda menstruasiya problemlərinə, sinə və yumurtalıq xərçənginə səbəb olduğu da müzakirə mövzuları arasındadır. BFA-nın dölün, yenidoğulan körpələrin, kiçik uşaqların beyin inkişafına, davranışlarına, prostat vəzinə təsiri kimi təhlükələr də mövcuddur. Bu mövzuda Kanada 2010-cu ilin sentyabrında BFA-nın zəhərli olduğunu açıqlayan ilk ölkə olmuş və uşaq biberonlarında BFA istifadəsini qadağan etmişdir. Daha sonralar bir çox ölkə də bu qadağanı tətbiq etməyə başladı.

BFA güclü kimyəvi təsiri olan maddələrdəndir. Biz bilirik ki, zəhərlərdə doza nə qədər yüksəkdirsə, təsiri də o qədər böyükdür. Amma Bisfenol A-nın hansı miqdarının bizə zəhərli təsir etdiyini öyrənmək, eyni zamanda hansı müddətdə təsir edəcəyini müəyyən etmək bir qədər çətindir. Yəni, BFA-nın bizim üçün zəhərli dozasına məruz qaldığımızda, bu təsir məruz qaldığımız andan “uzun müddət” sonra özünü göstərə bilər. “Uzun müddət” dedikdə həftələr, aylar, illər, on illər və s. nəzərdə tutulur.

Ya Bisfenol A-nın təsirlərinə heyfslənib, onun yaratdığı təhlükələrlə yaşamağı seçəcəyik ya da bu təhlükələrin qarşısını almağa çalışacağıq. Təsirləri azaltmaq üçün nə etməliyik? Mikrodalğalı sobada qidamızı isidərkən, qidamızı saxlayacağımız qabları üzərində tərkibində BFA olmadığını bildirən etiket olan qablardan seçməliyik və ya əvəzində keramika, şüşə qabların istifadəsi də məqsədə uyğundur. Hamilə və süd verən qadınlar istifadə etdikləri qablara, qidalara qarşı daha diqqətli olmalıdır. Araşdırmalar zamanı kassirlərin qanında BFA-nın miqdarının çox olduğu öyrənilmişdir. Kassirlər iş zamanı qəbzlərdəki mürəkkəblə çox təmas etməmək üçün əlcəklərdən istifadə edə bilərlər. Plastik qabların altında onların hansı kateqoriyaya aid olduğu göstərilir, 3 və 7 rəqəmi, “other” yazısı, onların tərkibində Bisfenol A olduğunu bildirir.

 

Ədəbiyyat

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Bisphenol-A
  2. Akademik Gıda 10(3) (2012) ; “Gıdalara BPA Migrasyonu ve İnsan Sağlığı Üzerine Etkileri”
  3. Thaddeus T. Schug and Linda S. Birnbaum “Human Health Effects of Bisphenol A”
  4. Buket Er, Belgin Sarımehmetoğlu “Gıdalarda Bisfenol A varlığının değerlendirilmesi”
  5. Food Packaging Forum; “Dossier – Bisphenol A” (February 2014)
48090login-checkBisfenol A

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon