Ümumiyyətlə ağ fosforun kimya sənayesində istifadəsi məhdudlaşdırılmadığı halda, silahlarda müəyyən istifadəsi (xüsusən alovlandırıcı qurğularda) Beynəlxalq Qanunlarla qadağan edilir və ya məhdudlaşdırılır. BMT-nin 1980-ci il “Bəzi Silahların növlərinə dair Konvensiyası”nın III Protokol 1-ci Maddəsinə əsasən alovlandırıcı silahlar – Hədəfə göndərilən maddənin kimyəvi reaksiya nəticəsində əmələ gətirdiyi alov, obyektləri yandırmaq və ya insanlara xəsarət yetirmək üçün hazırlanmış hər hansı bir silah və ya döyüş sursatıdır. Eyni protokolun 2-ci Maddəsi alovlandırıcı silahların mülki hədəflərə qarşı istifadəsini (Cenevrə Konvensiyasında da qadağan edilmişdir) və alovlandırıcı silahların aviazərbələrlə mülki ərazidə yerləşən hərbi hədəflərə atılmasını qadağan edir.
Kimyəvi Silahlar Konvensiyası, kimyəvi maddələrin toksik xüsusiyyətlərinə əsaslanan silahların müharibələrdə istifadəsinin qadağan edilməsini nəzərdə tutur. Konvensiya, kimyəvi proseslər nəticəsində ölümə səbəb olan, insanlara və ya heyvanlara müvəqqəti və ya daimi zərər verən maddələri “toksik kimyəvi maddələr” olaraq müəyyən edir. Bu Konvensiyaya görə ağ fosfor bombasından toksik silah kimi istifadə etmək qadağandır.
Bəs ağ fosfor bombaları (WP) nədir? Nə vaxt və hansı məqsədlər üçün istifadə edilməyə başlanmışdır?
Ağ fosfor bombası, fosfor kimyəvi elementinin allotropik şəkildəyişmələrindən birindən hazırlanır və silah olaraq istifadə edilir. Toksik xüsusiyyətlərə malik olub, digərlərinə nisbətən daha ölümcül silah olaraq bilinir. Ağ fosfor, duman maskalanmasında, işıqlandırmada (hədəf təyini) və yanğın silahı olaraq hərbidə istifadə sahəsi tapmışdır. Bu maddə pirofordur (hava ilə təmasda olduğu zaman öz-özünə yanır). Şiddətlə yanaraq geyimi, yanacağı, silahları və digər yanıcı maddələri yandıra bilir. Bu xüsusiyyətlərinə əlavə olaraq, duman əmələ gətirən vasitə kimi ağ fosfor havadakı oksigen ilə reaksiyaya girərək ani vaxt ərzində fosfor (V) oksid (P2O5) buxar təbəqəsi əmələ gətirir. Bu təbəqə, silahlı qüvvələrin hərəkətini, yerini və atəş nöqtələrini gizlədir.
Ağ fosfor silah olaraq ilk dəfə 19-cu əsrdə Fenian (İrlandiyalı milliyyətçi) tərəfindən karbon disulfiddə (CS2) məhlulu şəklində istifadə edilmişdir. Karbon disulfid buxarlandığı zaman fosfor yanmağa başlayır. Bu qarışığa “Fenian alovu” deyilir.
20-ci əsrin əvvəllərində isə Britaniya ordusu və ABŞ ordusu tərəfindən istifadə edilməyə başlanmışdır. Daha sonra Rusiya tərəfindən Birinci və İkinci Çeçen müharibəsində istifadə edilmişdir. Ağ fosfor bombaları həmçinin Vyetnamda “Viet Cong” tunel komplekslərini məhv etmək üçün də istifadə edilmişdir. Çünki o, tuneldəki bütün oksigenlə reaksiyaya girib yanır və içərisinə sığınan düşmən əsgərlərini boğurdu.
“North Country Times”in məlumatına əsasən 2004-cü il Aprel ayında Birinci Fəllucah döyüşündə ABŞ ordusu tərəfindən hədəfin nə olduğunu və partlayışların hansı nəticələrə səbəb olacağını bilmədən ağ fosfor bombası yandırıcı silah olaraq istifadə edilmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən 2016-cı il münaqişəsi zamanı 10 May tarixində Ermənistan ordusu tərəfindən 122 mm’lik ağ fosfor artilleriya bombaları Azərbaycan ərazisinə (Tərtər rayonunun Əskipara kəndinə) atılmışdır.
Hazırki zamanda da cəbhədə məğlub olduğunu görən Ermənistan ordusu müharibə cinayətlərinə əl atır, mülki insanlara qarşı qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə etməyə davam edir. 3 Noyabr 2020-ci il tarixdə Tərtər rayonunun Səhləabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm’lik fosfor mərmisi tapılmış və ANAMA tərəfindən yerindəcə zərərsizləşdirilmişdir.