Hörmətli izləyicilər, AzeCS-in CHEMinar marafonu öz sürəti ilə davam edir. Öncədən də xəbər verdiyimiz kimi 22 noyabr 2021-ci il tarixində Azerbaijan Chemical Society-nin təşkil etdiyi silsilə vebinarlardan növbətisi həyata keçirilmişdir. Vebinarın açılışını AzeCS-in Elm, təhsil və tədqiqat üzrə meneceri Dr. Elmir Babayev etmişdir. Sonra ABŞ-da yayaşayan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış etmişdir. Tədbirə yerli və xarici elm-təhsil müəssisələrinin nümayəndələri – tələbələr, müəllimlər, tədqiqatçıların qoşulması vebinarın daha da maraqlı keçməsinə imkan yaratmışdır. Professor Musayev məruzəsinə döyüş meydanında qazanılan zəfərdən elmi zəfərə gedən yolda gənc alimlərin rolu barədə dəyərli fikirləri ilə başladı. Daha sonra alimin şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəz və onun tərkibində həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlar barədə məruzəsi ilə davam etdi. Alim, tədqiqat mərkəzinin nəzəri və kompyuter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırdı. Camal Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sanayedə, farmakologiyada, alternativ və yenilənəbilən enerji sahələrində geniş tətbiq olunmaqdadır.
Alim birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsil istiqamətində öz təcrübəsini də içtirakçılarla bölüşmüşdür. Sonda CHEMinar layihəsinin növbəti məruzəçisinin təqdimatı və təqdimatın günü iştirakçılara elan edildi. Daha sonra AzeCS-in direktoru Elvin Rüstəmli Azərbaycan kimya elminin inkişafı və gənc nəslin nəzəri və praktiki biliklərinin artırılması istiqamətində həyata keçirilən bu layihədə öz töhfəsini bəxş etdiyi üçün Camal müəllimə dərin minnətdarlığını bildirdi və qatılan iştirakçılara təşəkkür etdi. Son olaraq, vebinarın baş tutmasında komandamıza verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Dövlət Universitetinə və Azərbaycan Milli Elmlər Akademiyasının Kimya bölməsinə dərin təşəkkür edirik.