Hörmətli İzləyicilər, AzeCS-in CHEMinar marafonu öz sürəti ilə davam edir. Öncədən də xəbər verdiyimiz kimi 29 oktyabr 2021-ci il tarixində Azerbaijan Chemical Society-nin təşkil etdiyi silsilə vebinarlardan növbətisi həyata keçirilmişdir. Vebinarın açılışını AzeCS-in “Elm, təhsil və tədqiqat” üzrə meneceri Dr. Elmir Babayev etmiş və daha sonra 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi anılmışdır. Bu dəfəki vebinar məruzəsi Almaniyanın Rostok Universitetinin əməkdaşı, həmyerlimiz Dr. Cavid Səfərovun möhtəşəm təqdimatında baş tutmuşdur. “Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda edilən təqdimata Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin nümayəndələri – tələbələr, müəllimlər, tədqiqatçıların qoşulması vebinarın daha da maraqlı keçməsinə imkan yaratmışdır. Dr. Səfərov məruzə müddətində alternativ yanacaqlarla yanaşı ionlu mayelərin, alifatik spirtlərin, dəniz, geotermal və çay sularının istilik-fiziki xassələrinin araşdırılması istiqamətində apardığı təqdiqatları və onların nəticələrini auditoriyanın diqqətinə çatdırdı. Cavid müəllimin sənaye və elmin müasir problemləri istiqamətində apardığı araşdırmalar iştirakçıların xüsusi marağına səbəb olmuş, təqdimat əsasında müxtəlif sualların müzakirəsi baş tutmuşdur. Eyni zamanda Cavid müəllim, birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsil istiqamətində öz təcrübəsini içtirakçılarla bölüşmüşdür. Tədbirin sonunda CHEMinar layihəsinin növbəti məruzəçisinin təqdimatı və təqdimatın günü iştirakçılara elan edildi. Daha sonra AzeCS-in direktoru Elvin Rüstəmli Azərbaycan kimya elminin inkişafı və gənc nəslin nəzəri və praktiki biliklərinin artırılması istiqamətində həyata keçirilən bu layihədə öz töhfəsini bəxş etdiyi üçün Cavid müəllimə dərin minnətdarlığını bildirdi və qatılan iştirakçılara təşəkkür etdi. Nəhayət, vebinarın baş tutmasında komandamıza verdiyi dəstəyə görə Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinə, Almaniya Azərbaycanlıları Alyansına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasının Kimya bölməsinə və Bakı Dövlət Universitetinin Kimya fakültəsinə dərin təşəkkür edirik.
Vebinardan çəkilmiş bir neçə şəkili sizə təqdim edirik.