Chemistry News

1st Global Engineering Symposium

Gənclərin mühəndisliyə marağı artır

 

Martın 16-da Bakıda “Caspian Biznes Otel”də Birinci Qlobal Mühəndislik Simpoziumu öz işinə başlayıb. Almaniyada Azərbaycan Tələbə və Elmi İşçilər birliyi (VASW) -nin dəstəyi və  ” Metax”  şirkətinin  təşkilatçılığı ilə keçirilən tədbirin əsas təşəbbüskarlarından  olan “Horizon Education Agency” şirkətinin layihə rəhbəri və həmtəsisçisi  Ənvər Məmmədli tədbirin açılışında çıxış edərək  ölkəmizdə  gənclərin mühəndislik elmlərinə marağının  yüksək olduğunu deyərək onların bu sahədə çox ciddi uğurlar qazandığını  bildirib. Onun sözlərinə görə, tədbirin təşkil olunmasında əsas məqsəd ölkəmizdə  mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək, gənclərimizin ölkəmizdə və xaricdə mühəndislik karyeralarını uğurla qurmasına təkan verməkdir.

 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əziziov ölkəmizdə istedadlı gənclərin yetişdiyini bildirib. Gənclərin müxtəlif layihələrdə yüksək səviyədə iştirakının vacibliyini diqqətə çatdıran R. Əzizov tələbələrimizin Birinci Qlobal Mühəndislik Simpoziumu kimi akademik səviyyəli tədbirlərdə iştirakını yüksək qiymətləndirərək tədbirin bu günümüz üçün çox aktual olduğunu qeyd edib. O, elmi simpoziumun gənclərin tədqiqatçılıq inkişafına böyük fayda verdiyini vurğulayıb.

 

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında tədbirin məram və məqsədini ürəkdən alqışladığını bildirib. Onun sözlərinə görə, tədbirin bütün  dünyanın marağında mövzulara həsr olunması və bu məsələ ətrafında fikir mübadiləsinin aparılması çox sevindirici haldır. Bu gün dünya 4-cü  sənaye inqilabı dövrünü yaşayır. Tələbələrimizin də bu dövrün çağırışlarına uyğun olaraq bu sahəyə mühüm diqqət yönəltməsi  çox əlamətdardır. A. Hüseynov qeyd edib ki, ümumiyyətlə təhsil öndə olmalıdır. Təhsil hər hansı bir ali məktəbi bitirmək yox,  təhsili, universiteti seçərkən gələcəkdə hansı peşənin sahibi olacağını, hansı yerdə özünü görəcəyin ilə bağlıdır. “Buna görə də tələbələr universitetlərə üz tutarkən onun nəticəsini  bəri başdan görməlidirlər. Bu günkü tədbir də göstərir ki, artıq nəticənin görünməsi yox, həm də onun əldə olunması ilə  bağlı fərdi fikir qərarlaşdırırsınız, seçim aparırsınız”,-deyən A. Hüseynov əlavə edib ki, ölkənin gələcəyi müasir düşüncəli gənclərin çiyinləri üzərində olacaq. Millət vəkili tədbirdə bir sıra xarici universitetlərdən olan professorların iştirakına da yüksək qiymət verərək onun işinə uğurlar arzulayıb.

 

Tədbir 5 panel üzrə davam edib. Hər paneldə 3 spiker olmaqla, ümumilikdə yerli və xarici 15 spiker çıxış edib. Hər paneldə neft və qaz, kimya, mexanika mühəndisliyi, İT və geologiya elmləri üzrə çıxışlar olub. Tədbirdə Almaniya, İngiltərə, Rusiya, Hollandiya, Yunanıstan, Özbəkistan kimi ölkələrdən xarici ekspertlər çıxış ediblər.

 

Tədbirdə  çıxış edənlər – professor  George Barakos (Almaniya), Emma Kocik (Polşa), professor Felix Plamper (Almaniya), professor Sharul Dol (Birləşmiş Ərəb Əmirlikləri), professor M. Pinar Menguc (Türkiyə), professor Dr. Ashish Seth (Özbəkistan), Şamil İslamov (Rusiya), professor Tulparxan Salavatov, Ənvər Məmmədli (Almaniya), Cəbrayıl Eyvazov, Elşən Abdullayev, Elvin Rüstəmli, Elmir Abbasoğlu, Ülvi Fətullayev, Sirac Həsənov ayrı-ayrı mövzularda təqdimatlar ediblər.

 

muallim.edu.az

29720login-check1st Global Engineering Symposium
wpChatIcon